İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB), Türk Ticarət və Sənaye Palatasının sədri Mustafa Rifat Hisarcıklıoğlu ilə görüşüb.
Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu və əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini diqqətə çatdıran Mikayıl Cabbarov tərəfdaşlığımızın dünyada nümunə olduğunu vurğulayıb. Qeyd olunub ki, ölkələrimiz dünyada etibarlı tərəfdaş, iri enerji və nəqliyyat layihələrinin fəal iştirakçılarıdır. Nazir əməkdaşlığın möhkəmləndirilməsində və ticarət dövriyyəsinin artırılmasında özəl sektorun rolunu və TOBB-nin iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətini qeyd edib.
Türkiyə Palatalar və Birjalar Birliyinin, Türk Ticarət və Sənaye Palatasının sədri Rifat Hisarçıklıoğlu Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi əməkdaşlığın, o cümlədən ticarət əlaqələrinin inkişafı üçün geniş imkanların olduğunu bildirib. Bu baxımdan, iş adamları birlikləri, ticarət palataları arasında əlaqələrin genişləndirilməsi, sahibkarların iştirakı ilə müxtəlif formatlı tədbirlərin keçirilməsi xüsusi önəm kəsb edir.
Görüşdə bu ilin sentyabr ayının 16-da keçirilən Şuşa Türk Biznes Forumunun sahibkarlar arasında dialoqun təşviqində əhəmiyyəti vurğulanıb, ticarət əməkdaşlığının, biznes dairələri arasında əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşunun artırılması imkanları barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycanın iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə Mustafa Rifat Hisarcıklıoğlu “Dostluq” ordeni ilə təltif olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Dostluq” ordenini Mustafa Rifat Hisarcıklıoğluna təqdim edib.