Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə inşa olunmuş evlərin mülkiyyət hüququnun rəsmiləşdirilməsi davam edir

Dövlət başçısının “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında 7 aprel 2022-ci il tarixli Fərmanının icrası istiqamətində müvafiq tədbirlər görülür.

Fərmanın icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 25-də Şamaxı rayonunda səyyar qeydiyyat xidmətləri göstərilib. Belə ki, təbii fəlakət nəticəsində dağılmış və yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi məqsədilə səyyar qeydiyyat aparılıb. Şamaxıda keçirilən səyyar qeydiyyat xidməti çoxmənzilli yaşayış binasında olan mənzilləri və fərdi yaşayış evlərini əhatə edib. Qeyd edək ki, Şamaxı rayonunda Fərmanın əhatə etdiyi 174 ev siyahıya alınıb.

Belə tədbirlər sayəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edirlər. Bütün bunlar isə vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur.

Əmlak Məsələləri Dövlət Xidməti adıçəkilən Fərmanın icrası çərçivəsində yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunan siyahıya uyğun olaraq səyyar qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirəcək.