Konstitusiyamızın bəyan etdiyi əsas niyyətlərdən olan ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub, Azərbaycan uğurla inkişaf edən güclü dövlətə çevrilib.
İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov dövlət başçısının 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin milli suverenliyimiz və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi addım olduğunu vurğulayıb. Qeyd olunub ki, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkədə sabitlik təmin edilib və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaranıb. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış, 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya ölkədə qanunvericilik və institusional islahatların əsasını təşkil edir. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddət ərzində Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitlik təmin edilib, xarici iqtisadi əlaqələr inkişaf etdirilib, ölkəyə sərmayələr cəlb olunub və yeni dövr sahibkarlığının əsası qoyulub.
Vurğulanıb ki, Ulu Öndərin inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən yeni nailiyyətlərlə davam etdirilir. Azərbaycan regionda iqtisadi güc mərkəzinə çevrilib, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Çevik iqtisadi yanaşmalar, əlverişli biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi, sərmayələrin cəlb edilməsi istiqamətində tədbirlər ölkəmizin iqtisadi uğurlarını artırır.
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev Heydər Əliyevin dövlət quruculuğu fəaliyyətindən danışıb, onun ömrünü vətənə və xalqa sədaqətlə xidmətə həsr etdiyini bildirib. Vurğulanıb ki, Heydər Əliyev müstəqil dövlətimizin qanunvericilik sisteminin formalaşmasında həlledici rol oynayıb, milli və hüquqi dövlətçiliyin əsasını qoyub. Ulu Öndərin çoxşaxəli irsi hər birimiz üçün örnəkdir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli bildirib ki, “Konstitusiya və Suverenlik İli” milli dövlətçilik dəyərlərimizə, siyasi tariximizə ali ehtiramın təcəssümüdür. Heydər Əliyevin güclü milli dövlətçilik strategiyasının, suverenlik salnaməmizin, torpaqlarımızın azad edilməsi nəticəsində konstitusion hüquqlarımızın tam bərpasının dərindən tədqiqi və təbliğinin önəmi qeyd olunub.
Tədbirdə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş videoçarx nümayiş olunub.