Sərgidə ölkəmizin biznes mühiti, investisiya potensialı, o cümlədən rəqabətqabiliyyətli qida və içki məhsulları nümayiş olunur.
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində Ticarət Nümayəndəsinin Aparatının təşkilatçılığı və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə ölkəmiz Çinin Şaansi əyalətinin Sian şəhərində keçirilən 7-ci İpək Yolu Beynəlxalq Sərgisində iştirak edir. 20 noyabr tarixinədək davam edəcək sərgidə Azərbaycan xüsusi – “fəxri qonaq ölkə” statusunda təmsil olunur.
Vahid ölkə stendində sərginin ziyarətçilərinə Azərbaycanın biznes mühiti, investisiya, nəqliyyat-tranzit, turizm potensialı ilə yanaşı, ölkəmizdəki sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investorlar üçün təklif olunan imtiyazlar, vergi azadolmaları və güzəştlər haqqında ətraflı məlumat verilir. Bununla yanaşı, stenddə yerli istehlakçılara Azərbaycanın rəqabətqabiliyyətli və keyfiyyətli qida və içki məhsulları təqdim edilir.
Çin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədr müavini Can Çinvey Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov ilə birgə Azərbaycan stendini ziyarət ediblər.
Qeyd olunmalıdır ki, sərginin keçirildiyi Sian şəhəri Çində Qədim İpək Yolunun başlanğıc nöqtəsi hesab olunur və Çin-Avropa dəmir yolu daşımalarında açar rolunu oynayan şəhərlərdən biridir.