Azərbaycan və Türkiyə nümayəndələrinin iştirakı ilə keçirilən onlayn formatda görüşdə Naxçıvanda istehsal olunan məhsulların Türkiyəyə sərhəd ticarəti çərçivəsində ixracı imkanları barədə müzakirə aparılıb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin əlaqələndirməsi ilə “Sərhəd ticarəti” mexanizmi mövzusunda onlayn formatda görüş keçirilib.
Türkiyə Respublikasının Ticarət Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarının rəhbərlərinin və əməkdaşlarının iştirak etdiyi tədbir Naxçıvanda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının Türkiyəyə sərhəd ticarəti çərçivəsində ixracı imkanlarının müzakirəsinə həsr edilib.
Görüşdə Türkiyə Respublikası Ticarət Nazirliyinin İxrac üzrə baş idarəsinin direktoru Ali Kılıçkaya, Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması baxımından sərhədyanı ticarətin potensialı və digər önəmli məsələlər haqqında fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, istehsal olunan məhsulların qardaş ölkədə tanıdılması məqsədilə konkret addımların atılması əhəmiyyət kəsb edir və sərhədyanı ticarətlə bağlı müzakirələr davam etdiriləcək.
Görüşdə Türkiyə nümayəndələri tərəfindən sərhədyanı ticarətlə bağlı təqdimat olub, mövzuya aid suallar cavablandırılıb.