Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi tərəfindən İstanbul şəhərində türkiyəli iş adamları üçün Azərbaycanın biznes mühiti, investisiya və ticarət imkanlarının tanıdılmasına dair növbəti tədbir təşkil edilib.
Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev iştirakçılara ölkəmizdə investorlar üçün yaradılmış imkanlar, təşviq mexanizmləri və güzəştlər haqqında məlumat verib. Ticarət nümayəndəsi, ölkəmizdə iş qurmaq istəyən sahibkarlar üçün müvafiq dəstək tədbirlərinin həyata keçirildiyini bildirib və türkiyəli iş adamlarını ölkəmizə investisiya qoymağa dəvət edib.
Tədbirdə Ticarət Nümayəndəliyi tərəfindən hazırlanmış və Azərbaycanda yatırım və ticarət imkanları, həmçinin təşviq mexanizmləri barədə məlumatları əks etdirən videoçarx, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə sərmayədarlar üçün yaradılmış fürsətlər haqqında təqdimat nümayiş etdirilib, iş adamlarının sualları cavablandırılıb, əməkdaşlıq məsələləri müzakirə olunub.
Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türkiyənin ticarət nazirinin müşaviri Mehmet Hüseyin Bilgin, Xarici İqtisadi Əlaqələr Şurasının baş katibi (DEİK) Caner Çolak, həmçinin inşaat, turizm, mədənçilik, enerji, tekstil, qida, səhiyyə və digər sektorları təmsil edən təşkilatların və iri türk şirkətlərinin, eyni zamanda Türkiyədə fəaliyyət göstərən beynəlxalq şirkətlərin rəhbər heyəti iştirak ediblər.