Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində ticarət nümayəndəsinin 2019-cu ilin III rübü üzrə fəaliyyəti

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı ticarət nümayəndəsi Azərbaycan və Çin arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı, bu ölkədə "Made in Azerbaijan" brendinin və Azərbaycandakı investisiya mühitinin təşviqi, ölkəmizin qeyri-neft ixracının artırılması istiqamətində fəaliyyətini davam etdirir.

Azərbaycanın Çindəki ticarət nümayəndəsi bu ilin avqust ayında Çinin Çinxay əyalətinin Sinin şəhərində keçirilmiş “Kəmər və Yol Beynəlxalq Eko-Sənayelər Forum”unda və Pekin şəhərində keçirilmiş “Çin və Mərkəzi-Şərqi Avropa ölkələri arasında iqisadi əməkdaşlıq” mövzusunda təşviqat tədbirində ölkəmizin investisiya və ticarət imkanları barədə təqdimatlarla çıxış etmişdir.

Hazırda Çinin “CNEEC”, “CAMCE”, “Complant” və “Wenzhou Nixin” şirkətləri ilə Azərbaycana investisiya yatırılmasına dair detalların müzakirəsi davam etdirilir.

Bu dövr ərzində yeni yaradılmış Azərbaycan şərabçılığının (Çin) Təşviqat Mərkəzinin fəaliyyətinə nəzarət edilmiş və Mərkəz mütəmadi olaraq Aparat tərəfindən Azərbaycan şərabçılığı haqqında məlumatlarla təmin edilmişdir. Bu məlumatlar çin dilinə tərcümə edilərək, Mərkəzin internet səhifəsində (http://www.azerbaijanwine.cn), Wechat platformasındakı rəsmi səhifəsində və digər kütləvi informasiya vasitələrində xəbərlər və məqalələr formasında paylaşılmışdır.

8-14 avqust tarixlərində Çinin Şandonq əyalətinin Çindao şəhərində keçirilmiş “Exhibition of İmported Commodities from Belt and Road Countries” sərgi-yarmarkasında, 25-29 sentyabr tarixlərində isə Çinin Cıcian əyalətinin Vencou şəhərində keçirilmiş 2-ci “Zhejiang (Wenzhou) International Import Expo" sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində Azərbaycan istehsalı olan qida məhsulları və alkoqollu içkilər təqdim edilmiş və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmışdır.

10-18 sentyabr tarixində Azərbaycanın Çindəki ticarət nümayəndəsinin Aparatı və AZPROMO tərəfindən Çin Milli Qida və Fermentasiya Sənayesi İnstitutunun (CNRİFFİ), Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının (CAFIEC) və üzv şirkətlərinin, habelə “Xian Continental Bridge” şirkətinin nümayəndə heyətlərinin Azərbaycana səfəri təşkil edilmiş və ölkəmizin aparıcı şərab və qida məhsulları istehsalçıları ilə görüşlər keçirilmişdir. Səfər çərçivəsində tərəflər arasında razılıqlar əldə edilmiş və hazırda alqı-satqı müqavilələrinin imzalanmasına dair danışıqlar yekunlaşmaq üzrədir.

Ticarət nümayəndəsi tərəfindən Çində keçirilən müxtəlif tədbirlərdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi təşviq edilir və mütəmadi olaraq görüşlər keçirilir.

Qeyd edək ki, 2019-ci ilin III rübü ərzində 22 qurum və 25 şirkətlə görüş keçirilmişdir.