Polşada nəşr edilən “Wiadomosci handlowe” (“Ticarət xəbərləri”) portalında Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin müsahibəsi dərc edilib.
“Azərbaycan şərabları “Auchan” marketlər zəncirindəki rəflərdə. Ölkə, Polşa və Avropa İttifaqında satışları artırmaq istəyir” sərlövhəli müsahibədə Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin fəaliyyəti, Varşavadakı “Azərbaycan Ticarət Evi”ndə nümayiş etdirilən məhsullar, ölkələrimiz arasında ticarət dövriyyəsinə dair statistik göstəricilər, Azərbaycandan Polşaya ixrac potensialı yüksək olan məhsullar haqqında məlumat verilir.
Bundan başqa, müsahibədə “Made in Azerbaijan” brendinin Polşa və digər Mərkəzi Avropa ölkələrində tanıdılması istiqamətində görülən işlər diqqətə çatdırılır, Polşada “Carrefour” marketlərində FMCG kateqoriyalı müxtəlif məhsullardan ibarət “Made in Azerbaijan” stendlərinin yerləşdirilməsi, “Auchan” hipermarketlərində Azərbaycan istehsalı olan şərab və konyakların satışına başlandığı, məhsullarımızın keyfiyyəti vurğulanır.
Qeyd edək ki, “Wiadomosci handlowe” portalında Polşada topdan və pərakəndəsatış bazarında baş verən ən son xəbərlər yerləşdirilir. Bundan başqa, şirkət “Spirtli və spirtsiz içkilər Konqresi”, “Polşa və Mərkəzi Avropa üzrə Pərakəndəsatış və FMCG Konqresi” kimi tədbirləri təşkil edir, “Ən yaxşı məhsul”, “Sevimli marka” kimi mükafatlar təqdim edir.
Müsahibə ilə (Wina z Azerbejdżanu trafiły na półki sieci Auchan. Kraj chce wzmocnić sprzedaż w Polsce i Unii Europejskiej) Wiadomości Handlowe (wiadomoscihandlowe.pl) səhifəsində tanış olmaq olar.