Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyi və “Russian Business Guide” jurnalının təşkilatçılığı, Rusiyanın Ticarət və Sənaye Palatasının dəstəyi ilə “Azərbaycan-Rusiya: İqtisadi Diplomatiya və Tərəfdaşlıq Strategiyası” Forumu keçirilib.
Forumun plenar müzakirəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan-Rusiya əlaqələri, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev Ticarət Nümayəndəliyinin ölkəmizdə istehsal olunan məhsulların Rusiyaya ixracı istiqamətində görülən işlər, Rusiya-Azərbaycan İşgüzar Şurasının icraçı direktoru Yuri Danilov qurumun 2020-ci ildəki fəaliyyəti, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev təmsil etdiyi qurumun qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat veriblər.
Forumda Rusiyanın Ticarət və Sənaye Palatasının sədr müavini Maksim Fateev, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, “МБА-Москва” Bankının İdarə Heyəti sədrinin müavini Rafael Abbasov, Rusiya İxrac Mərkəzinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nuri Quliyev və s. çıxış edərək iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətindən danışıblar.
Tədbir iştirakçıları Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyi tərəfindən təşkil olunmuş “Made in Azerbaijan” brendi ilə Rusiyaya ixrac olunan qida məhsullarının nümayış olunduğu stendlə tanış olublar.