BMT-də işğaldan azad olunmuş ərazilərimizin iqtisadi reinteqrasiyası üzrə görülən işlər barədə məlumat verilib.
Mina təhlükəsindən əziyyət çəkən ölkələr olaraq Azərbaycan və Laos tərəfindən Birləşmiş Millətlər Təşkilatının Yüksək Səviyyəli Siyasi Forumu çərçivəsində Nyu-Yorkda "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və heç kəsi geridə qoymamaq üçün minaların təmizlənməsi" mövzusunda birgə konfrans təşkil olunub.
Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dayanıqlı inkişafa nail olunmasında bütün maraqlı tərəflərlə səmərəli əməkdaşlığın və dialoqun qurulmasının vacibliyini vurğulayıb.
Bildirilib ki, növbəti orta və uzunmüddətli dövrdə azad edilmiş torpaqlarımızın dirçəlişi və reinteqrasiyası iqtisadi potensialımızın artmasına geniş imkanlar vəd edir. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilərkən BMT-nin və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb. “Ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitinin təmin edilməsinə xidmət edəcək. Bununla belə, azad edilmiş torpaqların reabilitasiyasına mane olan əsas məqam bu ərazilərin minalanmasıdır. Məhz bu amil həmin ərazilərdə iqtisadi dirçəlişin əsasını təşkil edən çoxistiqamətli layihələrin həyata keçirilməsi prosesini ləngidir.
Prezident İlham Əliyev tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb. 18-ci Dayanıqlı İnkişaf Məqsədinin layihəsi hazırlanaraq, yerli və beynəlxalq ictimaiyyətə, o cümlədən BMT-yə təqdim edilib. 18-ci DİM 5 hədəf və 15 göstəricidən ibarətdir. Bu hədəflər ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, bu istiqamətdə xərclərin artırılması, torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə və iqtisadi fəaliyyətə cəlb olunması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsidir.