Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmi

Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2026-cı il tarixli Fərmanı ilə sahibkarların maliyyələşmə imkanlarını artırmaq, xüsusilə investisiya layihələrinin həyata keçirilməsi prosesini asanlaşdırmaq məqsədilə kredit zəmanəti və faiz subsidiyası mexanizmləri təkmilləşdirilib. 

Yeni qaydalara əsasən dövlət zəmanəti və faiz subsidiyası mexanizmlərinin idarə edilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fonduna həvalə olunub. Bu, dövlət dəstəyi alətlərinin vahid yanaşma əsasında daha çevik və operativ şəkildə tətbiqinə imkan verəcək.

Yeni kredit təminatı və faiz subsidiyası mexanizminə əsasən sahibkarlara kredit faizlərinin 50%-i həcmində subsidiya təqdim olunur. Qeyd edək ki, kreditin illik faizinin yuxarı həddi 13 faizdir. Bu faizin yarısını dövlət ödəyəcək. Subsidiya Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərində tətbiq edilir.

Kreditlərə zəmanətin verilməsi mexanizmi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə verilən kreditlərin əsas borcunun 90 faizədək, Bakı və Abşeron istisna olmaqla digər regionlarda isə 50 faizədək hissəsinə dövlət zəmanəti təqdim olunur. Yeni dəstək mexanizmi regionlarda investisiya fəallığının artmasına, sahibkarların maliyyə yükünün azalmasına və qeyri-neft sektorunun inkişafına əlavə stimul verəcək.