Ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada həyata keçirilməsi məqsədilə “Sürətli keçid” mexanizmi”nin tətbiqi istiqamətində müvafiq addımlar atılmışdır.
Strateji investisiya layihələri İqtisadiyyat Nazirliyi tərəfindən aparılan ilkin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilir və qeyd edilən layihələrə baxılması və seçilməsi Komissiya tərəfindən həyata keçirilir. Seçilmiş strateji investisiya layihələrinin siyahısı illik əsasda təsdiq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur.
Qeyd olunan mexanizm çərçivəsində seçilmiş layihələrin icrası zamanı yaranan institusional, inzibati, texniki və digər maneələrin operativ aradan qaldırılması və aidiyyəti dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi nəzərdə tutulur.
Strateji investisiya layihələrinin xüsusiyyətlərindən asılı olaraq müvafiq təşviq tədbirləri, güzəşt mexanizmləri, infrastruktur dəstəyi, torpaq sahələrinin ayrılması, dövlət zəmanəti və subsidiyalar barədə təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilə bilər. Mexanizmin tətbiqi strateji investisiyaların həyata keçirilməsi üçün daha çevik qərarqəbuletmə və əlaqələndirmə imkanlarının yaradılmasına, layihələrin icra müddətlərinin optimallaşdırılmasına və investisiya mühitinin təkmilləşdirilməsinə xidmət edir.
Strateji investisiya layihələrinin planlaşdırılması və icrasında vahid yanaşmanın tətbiqi və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sədrliyi ilə Komissiya yaradılmışdır. 12 dövlət qurumunun səlahiyyətli nümayəndələrindən ibarət olan Komissiyanın sədrinin müavini iqtisadiyyat naziri Mikayıl Cabbarovdur, Komissiyanın Katibliyinin funksiyalarının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur.