Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2026-cı il tarixli Fərmanı ilə 1 yanvar 2027-ci il tarixindən sahibkarların maliyyə yükünü azaltmaq üçün sənaye və kənd təsərrüfatı müəssisələrinin elektrik şəbəkəsinə qoşulma haqqının 50 faizi dövlət tərəfindən subsidiyalaşdırılacaq. Nəticədə sahibkarların ilkin xərcləri azalacaq və investisiya imkanları genişlənəcək.
Bunun üçün sahibkar Tarif Şurasının müəyyən etdiyi qoşulma haqqını tam həcmdə nağdsız qaydada ödəməlidir.
Dəstək bitkiçilik, heyvandarlıq, balıqçılıq, qida və içki istehsalı, toxuculuq, kimya, əczaçılıq, metallurgiya, maşın və avadanlıq, avtomobil, elektronika, mebel istehsalı və digər sahələr də daxil olmaqla ümumilikdə 23 fəaliyyət sahəsini əhatə edəcək. Dəstəkdən özəl müəssisələr, o cümlədən dövlətin nizamnamə kapitalında payı 30 faizədək olan sənaye və kənd təsərrüfatı müəssisələri yararlana biləcəklər. Mexanizm 31 dekabr 2030-cu il tarixinədək tətbiq ediləcək.
Müraciət qaydası
Dövlət subsidiyasından yararlanmaq istəyən sahibkarlar Tarif Şurasının müəyyən etdiyi qoşulma haqqını tam həcmdə nağdsız qaydada ödədikdən sonra müvafiq sənədlərlə İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.
Birbaşa: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 155
Poçt vasitəsilə: eyni ünvana
Elektron formada: office@economy.gov.az
Tələb olunan sənədlər:
ərizə (Fərmanın 2 nömrəli əlavəsindəki forma üzrə);
qoşulmaya görə ödənişi təsdiq edən arayış (sistem operatorundan);
nağdsız ödənişi təsdiq edən sənəd.
Qeyd: “Elektron hökumət” sistemi vasitəsilə əldə edilə bilən sənədlərin sahibkardan ayrıca təqdim edilməsi tələb olunmur.