Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi

Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2026-cı il tarixli Fərmanı ilə Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı çəkilən nəqliyyat xərclərinin 70%-dək hissəsi dövlət tərəfindən qarşılanır. Bu dəstək sahibkarların logistika xərclərini azaldacaq və yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini gücləndirəcək. Dəstək bu ilin sentyabrın 1-dən etibarən tətbiq olunur.

Sahibkarlara ödəniləcək dəstəyin məbləği ixracda istifadə olunacaq nəqliyyatın növünə görə nəqliyyat xərci və gömrük dəyəri əsasında müəyyən edilir. Nəqliyyat xərci üzrə hesablama dəmir yolu, hava və dəniz nəqliyyatı, həmçinin Azərbaycan qeydiyyatlı avtomobillə daşınan yüklər üzrə ödənilmiş xərclərin 70%-i, xarici qeydiyyatlı avtomobil nəqliyyatı ilə daşınmalar üzrə isə xərclərin 50%-ni təşkil edir.

Gömrük dəyəri üzrə hesablama dəniz nəqliyyatı üzrə dəyərin 5%-i, digər nəqliyyat növləri üzrə 15%-ni təşkil edir. İki hesablama üzrə alınan məbləğlərdən az olanı dəstək məbləği kimi ödənilir.

Bundan əlavə, bu ilin sentyabrın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə daşınması üçün çəkilən nəqliyyat xərclərinin 70%-i dövlət tərəfindən ödəniləcək. Bu dəstək Naxçıvanda fəaliyyət göstərən istehsalçıların məhsullarını ölkənin digər bölgələrinə daha sərfəli şərtlərlə çatdırmasına və satış imkanlarını genişləndirməsinə kömək edəcək. Mexanizm 2036-cı il sentyabrın 30-dək həyata keçirilmiş ixrac və daxili daşımalara münasibətdə qüvvədə olacaq.

Sahibkarlar hər rüb həyata keçirdikləri ixrac və ya daxili daşıma əməliyyatlarını təsdiq edən sənədləri toplayaraq həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyinə təqdim edə bilərlər. Bu sənədlər əsasında dəstək məbləği hesablanacaq və sahibkara ödəniləcək.