Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarından və dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrdən irəli gələrək dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və praktik biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə İqtisadiyyat Nazirliyində könüllülərin cəlb olunması ilə bağlı müvafiq işlər görülür.
Belə ki, bununla bağlı elanlar verilir, müraciət edən şəxslərlə müsahibələr keçirilir, zəruri inzibati-təşkilati işlər görülür.
İqtisadiyyat Nazirliyində artıq müsahibədən keçən ilk könüllüllərlə görüş keçirilib. Tədbirdə Nazirliyin İnsan resursları şöbəsinin müdiri Sevinc İsmayılova könüllülük fəaliyyətinin gənclərin işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünya görüşünün genişlənməsində rolunu vurğulayıb, Nazirliyin fəaliyyət istiqamətləri barədə məlumat verib.
Qeyd edək ki, Nazirliyin 17 nəfərdən ibarət ilk könüllülər qrupu Azərbaycan Dövlət İqtisad, Bakı Dövlət və Bakı Mühəndislik universitetlərinin tələbə və məzunlarıdır. Nazirliyin könüllüləri istək və arzularına uyğun olaraq, uyğun şöbələrdə könüllülük fəaliyyətinı həyata keçirəcəklər.