Ümumi məlumat. Şimali Atlantika Müqaviləsi Təşkilatı 1949-cu ildə "Vaşinqton müqaviləsi"nin imzalanması və ratifikasiya edilməsindən sonra təsis edilmişdir. Təşkilat "Atlantika paktı" və ya "Atlantika alyansı" da adlanır. Mənzil Qərargahı Brüssel şəhərində yerləşir. Hazırda təşkilata 28 üzv ölkə daxildir.
Məqsədi. BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi vasitələrlə bütün üzv dövlətlərin azadlığını və təhlükəsizliyini təmin etmək, bütün üzv dövlətlər üçün təhlükəsizliyin bölünməzliyini möhkəmləndirmək məqsədilə birgə tədbirlər və hərtərəfli əməkdaşlığı həyata keçirmək, ümumi dəyərlər, demokratiya, insan hüquqları və hüquqi dövlət prinsipləri əsasında Avropada ədalətli və əbədi sülhü təmin etmək.
Azərbaycanla əməkdaşlığın tarixi. Azərbaycan ilə NATO arasında əməkdaşlığın tarixi 1992-ci ilin mart ayından başlanır. Həmin tarixdə Azərbaycan 37 ölkə ilə yanaşı Şimali Atlantika Əməkdaşlığı Şurasına daxil olmuşdur. 1994-cü ilin yanvar ayında Sülh naminə Tərəfdaşlıq (SNT) təşəbbüsü irəli sürülmüşdür. Avro-Atlantik məkanda sabitliyi və təhlükəsizliyi təmin edən təşəbbüsə ilk qoşulan ölkələrdən biri də Azərbaycan idi. 1994-cü il 3-4 may tarixlərində Belçikaya rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti SNT-in Çərçivə sənədini imzalamışdır. SNT mexanizmi NATO ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq və hərbi sistemlərin uyğunlaşdırılması üçün münbit şərait yaratmışdır.
1997-ci il noyabrda Azərbaycan Respublikasının Prezidenti Azərbaycanın NATO yanında diplomatik Nümayəndəliyinin təsis edilməsi barədə Sərəncam imzalamışdır.
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı. Azərbaycan Respublikasının NATO ilə siyasi dialoq və praktiki əməkdaşlığını istiqamətləndirən əsas mexanizm NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planıdır (FTƏP). FTƏP sənədi 2005-ci ildən başlayaraq birinci dövr 2005-2007-ci illər, ikinci dövr 2008-2010-cu illər, üçüncü dövr 2012-2013-cü illər, dördüncü dövr 2014-2016-cı illər, beşinci dövr 2017-2019-ci illər olmaqla 5 dövrü əhatə edir. Beşinci dövrü əhatə edən FTƏP sənədi siyasi, təhlükəsizlik, iqtisadi, müdafiə, ictimai, ətraf mühit, hüquqi və inzibati sahələrdə həm uzunmüddətli məqsədlərə uyğun istiqamətləri, həm də ortamüddətli və qısamüddətli məqsədlərə uyğun yeni fəaliyyətləri nəzərdə tutur.