Antiinhisar və İstehlakçı hüquqları

Bir çox mağazalarda satılan malların üzərində qiymətləri göstərilmir. Qanunla bu necə olmalıdır?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları haqqında"15 aprel 1998-ci il tarixli, 80 nömrəli qərarına əsasən, satışa daxil olmuş bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə dəqiq tərtib edilmiş qiymət kağızı, qiymət kağızının arxa tərəfindən isə mütləq, maddi-məsul şəxsin imzası və onun doldurulma tarixi olmalıdır.

Satıcı mal haqqında istehlakçıya hansı məlumatları verməyə borcludur?

"İstehlakşıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməyə borcludur.

Satılan mal barəsində yalnış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına və ya istifadə etməsinə səbəb olmuşdursa, onun müqviləni ləğv etmək hüququ vardır.

Xahiş edirəm malın zəmanət müddətinin necə müəyyən edildiyi və satılan mala zəmanət müddətinin necə hesablandığı barədə məlumat verəsiniz.

Zəmanət müddəti malın müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, zəmanət müddəti, əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi andan başlanır.

Zəmanət müddəti zəmanət talonunda, malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala (işə, xidmətə) əlavə olunan digər sənəddə göstərilir.

Zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə, zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.

Zəmanət müddəti ərzində istehlakçı aldığı malda qüsur və ya saxtalaşdırma aşkar etdikdə o, hansı hüquqlara malikdir? Bu hüquqlar hansı hallarda və necə təmin edilir?

İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

• lazımi keyfiyyətli mala dəyişdirməyi;

• satış qiymətini uyğun məbləğdə azaltmağı;

• malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

• malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;

• müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qeyd olunan tələblərindən birini yerinə yetirməyə borcludur.

İstehlakçının malı dəyişmək tələbi, mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir.

İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir.

İstehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır.

İstehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır.

Alınan mala mağaza zəmanət verməyibsə, mal xarab çıxıbsa nə etmək olar?

İstehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir.

İstehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 589.2-ci maddəsi ilə müəyyən edilmiş 2 il və daha uzun müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir.

Telefonun üstündə gələn adaptora, ya da qulaqcığa qarantiya verilirmi?

Komplektləşdirici məmulatların zəmanət müddəti, qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın (işin, xidmətin) özünün zəmanət müddətindən az olmamalıdır.

Təmirə verilən malın təmir müddəti çox çəkdikdə istehlakçı hansı hüquqlara malikdir?

İcraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.