Vergi

Təsisçidən alınmış borc məbləğinin nağd qaydada qaytarılmasına məhdudiyyət varmı?

Məlum olduğu kimi, yalnız nağdsız qaydada aparılmalı olan, habelə nağd qaydada aparılmasına icazə verilən əməliyyatların dairəsi və nağd xərcləmələrin limiti “Nağdsız hesablaşmalar haqqında” Qanunla tənzimlənir.

Vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergi ödəyicisinin Qanununun (bundan sonra - Qanun) 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq həmin maddədə göstərilən hədlər daxilində (30.000 manat və ya 15.000 manat) nağd qaydada qaytarıla bilər. Təqvim ayı ərzində 30.000 manatdan və ya 15.000 manatdan artıq hesablaşmalar üzrə ödənişlər, o cümlədən alınmış borcların qaytarılması yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qanunun 3.4.6-cı maddəsinin tələbinə görə vergi orqanında qeydiyyatda olan təsisçiyə isə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.

Qanunun qeyd olunan tələblərinin pozulmasına görə borc vəsaitlərini nağd qaydada ödəyən və qəbul edən şəxsə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Təsisçidən alınmış faizsiz borc məbləğləri iki ildən sonra təsisçi fiziki şəxsə qaytarılır. Bu əməliyyat üzrə tərəflərin vergi öhdəliyi yaranırmı?

Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllə, maddə 739.2).

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir (Vergi Məcəlləsi, maddə 14.3).

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır (Vergi Məcəlləsi, maddə 18).
Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri ilə tənzimlənir.

İşçinin hansı gəlirləri icbari tibbi sığorta haqqına cəlb olunur?

Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Bu maddədə nəzərdə tutulan əməkhaqqının 8.000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir.

Eyni zamanda Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Qeyd olunanlara əsasən icbari tibbi sığorta üzrə sığorta haqları işçinin əməkhaqqından, yəni işəgötürən tərəfindən işçiyə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. Əmək haqqının tərkibinə daxil olmayan ödənişlər icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunmur.

Yuxarıda qeyd olunanlar Əmək Məcəlləsinin 157-ci və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10-cu və 16-4-cü maddələri ilə tənzimlənir.

Hüquqi şəxslər tərəfindən icarəyə götürülmüş dövlət torpaqlarına görə illik icra haqqı ödənilir. Həmin torpaq sahələrinə görə hüquqi şəxsin torpaq vergisi üzrə öhdəliyi yaranırmı?

Bildiririk ki, Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına görə dövlət hakimiyyəti orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır.
Torpaq icarəsi haqqında” Qanununun 14-cü maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.
Qeyd olunanlara əsasən bildirirk ki, dövlət hakimiyyəti orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisindən azaddır. Həmin torpaq sahələri hüquqi şəxslərə icarəyə verilən zaman icarəyəverən dövlət orqanı torpaq vergisinin tədiyyəçisi olmadığı üçün icarəyə götürən hüquqi şəxslər dövlətdən icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, bu torpaq sahələrinə görə dövlət büdcəsinə torpaq vergisi ödəməli və vergi orqanına torpaq vergisinin bəyannaməsini təqdim etməlidirlər.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 204-cü, 207-ci və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.

Müəssisə işçinin kirayə haqlarını birbaşa kirayə verənin bank hesabına nağdsız qaydada ödəyir. Bu məbləğə sosial sığorta haqqı hesablanmalıdırmı?

Bildiririk ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə sosial sığorta haqları hesablanılr.

İşəgötürən tərəfindən işçinin kirayə haqlarının üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunmuş gəlir məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlirlərə aid edilmir və sosial sığorta haqqına cəlb edilmir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, işçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda isə həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.
Yuxarıda qeyd olunanlar “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi ilə tənzimlənir.

Əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətin işsizlikdən sığorta haqqı hesablanmalıdırmı?

Bildiririk ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə - hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə - işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi - fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə) pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.

Qeyd olunanlara əsasən işçiyə əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət əməkhaqqı hesab edilmədiyindən həmin məbləğə işsizlikdən sığorta haqqı hesablanmır.
Yuxarıda qeyd olunanlar Əmək Məcəlləsinin 154-cü, 157-ci və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddələri ilə tənzimlənir.

ƏDV qeydiyyatında olan hüquqi şəxs tərəfindən mülkiyyətində olan ofis binasının təqdim edilməsi zamanı notariuslar tərəfindən sadələşdirilmiş vergi tutulurmu?

Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən hüquqi şəxslər tərəfindən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilmişdir.

Buna əsasən ƏDV ödəyicisi olan hüquqi şəxs tərəfindən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin 1 yanvar 2020-ci il tarixdən sonra təqdim edilməsindən əldə edilən gəlir Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV və mənfəət vergisinə cəlb edilir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 104-cü, 159-cu maddələri və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə tənzimlənir.

Beynəlxalq daşıma ilə məşğul olan müəssisə tərəfindən xarici ölkədə yanacaq, ödənişli yollardan istifadə haqqı kimi çəkilmiş xərclər gəlirdən çıxılan xərclərə aid edilirmi?

Bildiririk ki, Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Buna əsasən müəssisənin sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirləri ilə bağlı olan xarici ölkədə yanacaq, ödənişli yollardan istifadə haqqı kimi xərcləri həmin ölkənin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş müvafiq sənədlərlə təsdiq edildiyi halda belə xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 108-ci maddəsi ilə tənzimlənir.

Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş 400 manat məbləğində güzəşt hüququ fiziki şəxsə hansı hallarda tətbiq edilir?

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Belə ki, Siyahının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı və müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxslərin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş müharibə iştirakçısı olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əlavə olaraq bildiririk ki, güzəşt hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı” ilə tənzimlənir

Sahibkarlıq subyektləri tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilmiş könüllü ödəmələr gəlirdən çıxılan xərclərə aid edilirmi?

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmış və Fondunu vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası təsdiq edilmişdir. Qaydaya əsasən fondun maliyyələşmə mənbələrindən biri də fiziki və hüquqi şəxslərin könüllü ödəmələridir.

Bildiririk ki, Vergi Məcəlləsində vergi ödəyicisi tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilmiş könüllü ödəmələrin gəlirdən çıxılan xərclərə aid edilməsi və ya onların gəlirlərinin (mənfəətinin) Fonda köçürülən hissəsinin vergidən azad olması nəzərdə tutulmamışdır.
Yuxarıda olunanlar Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə tənzimlənir.

Rezident nəqliyyat müəssisəsi tərəfindən balansında olan nəqliyyat vasitələrinin qeyri-rezidentə icarəyə verilməsi üzrə göstərilən xidmətlər ƏDV-yə cəlb edilirmi?

Bildiririk ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla) yeri alıcının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer hesab olunur.

Buna əsasən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən nəqliyyat müəssisəsi tərəfindən nəqliyyat vasitələrinin qeyri-rezidentə icarəyə verilməsi üzrə xidmətlərin göstərildiyi yer Azərbaycan Respublikası ərazisi hesab olunur və həmin xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq edilir.

Məlumat üçün bildiririk ki, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin müddəalarına əsasən “nəqliyyat müəssisəsi” - qanunvericiliyə və öz təsis sənədlərinə uyğun fəaliyyət göstərən, yük, sərnişin, baqaj və poçt daşımaları, nəqliyyat vasitələrinin saxlanılması texniki xidmət və təmir, yükləmə-boşaltma və liman xidmətləri göstərən hüquqi şəxsdir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 159-cu, 168-ci maddələri və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının 11 iyun 1999-cu il tarixli 683-IQ nömrəli Qanunu ilə tənzimlənir.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan müəssisə tərəfindən binanın altında yerləşən torpağın alışına çəkilən xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilirmi?

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi üzrə çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Buna əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən torpağın alınmasına çəkilən xərclər tikilən binanın dəyərini təşkil edən xərc elementi olduğundan, həmin binadan yaşayış və qeyri-yaşayış sahələri təqdim olunarkən təqdim edilən sahələrin dəyəri kimi gəlirdən çıxılan xərclərə aid edilir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 130.6-cı maddəsi ilə tənzimlənir.

“Yaşat” və “Qarabağ Dirçəliş” Fondlarına edilmiş könüllü ödəmələr gəlirdən çıxılan xərclərə aid edilirmi?

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən bu Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Buna əsasən vergi ödəyicisi tərəfindən “Yaşat” və “Qarabağ Dirçəliş” Fondlarına edilmiş könüllü ödəmələrin gəlirdən çıxılan xərclərə aid edilməsi və ya onların gəlirlərinin (mənfəətinin) Fondlara köçürülən hissəsinin vergidən azad olması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 108-ci maddəsi ilə tənzimlənir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunurmu?

Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Qeyd olunanlara əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə verilən müavinətlər əmək haqqının tərkibinə daxil olmadığından icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunmur.

Yuxarıda qeyd olunanlar Əmək Məcəlləsinin 157-ci maddəsi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Fərdi sahibkar olaraq kənd təsərrüfatı mallarının topdan satışı ilə məşğulam. ƏDV-nin ödəyicisiyəm. ƏDV-ni ümumi dövriyyədən, yoxsa ticarət əlavəsindən hesablamalıyam?

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi Məcəlləsinin 153-cü maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

Qeyd olunanlara əsasən kənd təsərrüfatı məhsullarının topdansatışı zamanı ƏDV həmin məhsulların tam satış dəyərindən hesablanılır.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 13-cü və 153-cü maddələri ilə tənzimlənir.

İşçi bir iş yerində əmək müqaviləsi ilə, digərində isə xidməti müqavilə ilə işlədikdə hər iki hal üzrə ödənilən məbləğdən icbari tibbi sığorta üzrə sığorta haqqı hesablanmalıdırmı?

Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda istisna nəzərdə tutulmadığından həm əmək müqaviləsi üzrə, həm də mülki hüquqi müqavilələr əsasında fəaliyyət göstərən şəxslərin gəlirləri Qanunun müvafiq maddələri ilə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunur.

Belə ki, adıçəkilən Qanunun 15-2.2.1-ci və 15-10.1.2-ci maddələrinin müddəalarına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə isə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər) çıxış edir və sığortalı tərəfindən işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Qanunun 15-2.2.3-cü və 15-10.1.4-cü maddələrinin müddəalarına əsasən mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edir və həmin şəxslərin gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 1 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Əlavə olaraq bildiririk ki, Qanunun 16-4.3-cü maddəsinə əsasən bu Qanunun 15-10.1.2-ci maddəsində nəzərdə tutulan əməkhaqqının 8.000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir.
Yuxarıda qeyd olunanlar Azərbaycan Respublikasının “Tibbi sığorta haqqında” Qanununun 15-2-ci, 15-10-cu və 16-4-cü maddələri ilə tənzimlənir.