Dövlət-özəl tərəfdaşlığı

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı ilə bağlı ilk qanun nə zaman qəbul olunub?

2022-ci il 9 dekabr tarixində "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanun qəbul edilib. Bu qanun dövlət və özəl sektor arasında əməkdaşlığın hüquqi çərçivəsini müəyyən edir.

Dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi üçün müəyyən edilmiş maksimum müddət nə qədərdir və bu müddət hansı amillərə əsaslanır?

Qanuna əsasən dövlət-özəl tərəfdaşlığı layihələrinin maksimum müddəti 49 il müəyyən edilib. Bu müddətin təyin edilməsində əsas amillər yaradılacaq infrastrukturun yararlılıq müddəti, özəl tərəfdaşın investisiyasının həcmi, cəlb olunan maliyyə resurslarının qaytarılma müddəti və layihənin ümumi gəlirlilik potensialıdır.

Dövlət-özəl tərəfdaşlığı sahəsində 2025-ci il üzrə potensial sektorlar hansılardır?

Su və tullantıların idarə olunması, nəqliyyat və daşımalar, təhsil, səhiyyə və kənd təsərrüfatı 2025-ci ildə dövlət-özəl tərəfdaşlığı üçün prioritet sektorlar sırasındadır.

Dövlət-özəl tərəfdaşlığı layihələrində iqtisadi əsaslandırma prosesində hansı amillər nəzərə alınır?

İqtisadi əsaslandırma layihənin dəyəri, kapital xərcləri (CAPEX), əməliyyat xərcləri (OPEX), və dünya üzrə oxşar layihələrin təcrübəsini təhlil edir.

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən ilk pilot layihə hansıdır?

Sumqayıt ərazisində dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı layihəsi ilk pilot layihədir. Layihənin istehsal gücü 100 milyon m³ olaraq planlaşdırılır.

Dövlət-özəl tərəfdaşlığı layihəsinin qiymətləndirmə mərhələləri hansılardır?

Dövlət-özəl tərəfdaşlığı layihəsinin qiymətləndirilməsi dörd əsas mərhələdən ibarətdir: strateji əsaslandırma, iqtisadi əsaslandırma, maliyyə əsaslandırması və kommersiya əsaslandırması.

Qiymətləndirmə mərhələləri dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasına necə təsir edir?

Strateji əsaslandırma layihənin dövlətin inkişaf planlarına uyğunluğunu və uzunmüddətli məqsədlərlə əlaqəsini müəyyən edir. İqtisadi əsaslandırma layihənin ölkə iqtisadiyyatı üzərində təsirlərini qiymətləndirir və layihənin faydalarını dəyərləndirir. Maliyyə əsaslandırması layihənin maliyyə resurslarını və maliyyə dayanıqlılığını analiz edir, investisiya ehtiyaclarını müəyyənləşdirir. Kommersiya əsaslandırması isə layihənin bazar və ticarət potensialını qiymətləndirir, özəl tərəfdaşın iştirakını və gəlirlilik imkanlarını nəzərə alır.

Dövlət-özəl tərəfdaşlığı müqaviləsi bağlandıqdan sonra qanunvericiliyin dəyişməsi özəl tərəfdaşa necə təsir edə bilər?

Müqavilə bağlandıqdan sonra qanunvericiliyin dəyişməsi nəticəsində özəl tərəfdaşın xərcləri artarsa və ya gəliri azalarsa, dövlət bu fərqi kompensasiya etməlidir. Kompensasiyanın məbləği müqavilədə əvvəlcədən müəyyən oluna bilər. Bu məbləğ dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq ödənilir.

İddiaçının irəli sürdüyü özəl təşəbbüs səlahiyyətli orqan tərəfindən hansı müddət çərçivəsində qiymətləndirilir və qərar necə elan edilir?

Səlahiyyətli orqan özəl təşəbbüsü 60 gün ərzində qiymətləndirərək onun növbəti mərhələyə qəbul edilməsi, qeyd-şərtlə qəbul edilməsi və ya rədd edilməsi barədə qərar verir. Qərardan sonra 2 iş günü ərzində iddiaçıya rəsmi məlumat verilir.

Ehtiyac qiymətləndirilməsi hansı məqsədlərə xidmət edir?

Ehtiyac qiymətləndirilməsi layihənin həyata keçirilməsinə ehtiyac olub-olmamasını və gələcəkdə potensial dəyişikliklərə təsir edəcək tendensiyaları müəyyən edir. Bu, resursların optimal istifadə edilməsini təmin edir.

Dövlət-özəl tərəfdaşlığı layihələrində torpaq sahələrinin ayrılması necə tənzimlənir?

Dövlət-özəl tərəfdaşlığı layihələri üçün tələb olunan torpaq sahələri müsabiqənin şərtlər toplusunda müəyyən edilmiş qaydalara uyğun olaraq ayrılır. Dövlət mülkiyyətində olan torpaqlar özəl tərəfdaşa icarəyə və ya istifadəyə verilə bilər. Layihənin xarakterindən asılı olaraq torpaq sahəsinin icarə haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu müddət dövlət-özəl tərəfdaşlığı müddətindən çox ola bilməz.

Hansı hallarda dövlət-özəl tərəfdaşlığı müqaviləsi müsabiqə keçirilmədən birbaşa danışıqlar əsasında bağlana bilər?

Dövlət-özəl tərəfdaşlığı müqaviləsi müəyyən hallarda müsabiqə keçirilmədən, birbaşa danışıqlar əsasında bağlana bilər. Bu hallar yalnız bir iddiaçının layihəni həyata keçirmək imkanına malik olduğu, müdafiə və təhlükəsizlik məqsədləri ilə bağlı layihələrin icrası, müsabiqəyə uyğun təkliflərin olmaması və ya yalnız bir təklifin daxil olduğu vəziyyətləri əhatə edir.

Dövlət-özəl tərəfdaşlığı layihələrində strateji əsaslandırma mərhələsində hansı aspektlər qiymətləndirilir?

Bu mərhələdə layihənin milli strategiya və dövlət proqramları ilə uyğunluğu, ehtiyacların qiymətləndirilməsi və keçmiş/proqnozlaşdırılan göstəricilər üzrə layihənin strateji əhəmiyyəti qiymətləndirilir.

Dövlət-özəl tərəfdaşlığı müqaviləsi hansı hallarda dəyişdirilə və ya ləğv edilə bilər?

Dövlət-özəl tərəfdaşlığı müqaviləsi yalnız müqavilədə nəzərdə tutulan hallarda və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq dəyişdirilə və ya ləğv edilə bilər. Ləğv edildikdə, nəticələr əvvəlcədən müəyyən edilir. Bu nəticələrə kompensasiya məbləğinin hesablanması, onun ödənilməsi qaydası və infrastruktur, eləcə də əqli mülkiyyət üzərində hüquq sahibinin müəyyən edilməsi daxildir. Tərəflərin hüquqları bu prosesdə tam qorunur.

Dövlət-özəl tərəfdaşlığı layihələrinin maliyyələşdirilməsi üçün hansı əsas mənbələr istifadə olunur?

Dövlət-özəl tərəfdaşlığı layihələri əsasən dövlət büdcəsi, beynəlxalq maliyyə təşkilatlarının kreditləri, özəl sektorun sərmayələri və bəzən də ictimai-özəl konsorsiumlar vasitəsilə maliyyələşdirilir.

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl təşəbbüs nədir?

Özəl təşəbbüs, dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövlət tərəfindən siyahıya daxil edilməmiş layihələrin özəl sektor nümayəndəsi tərəfindən həyata keçirilməsinə dair təklif irəli sürülməsi prosesidir. Bu, özəl sektorun öz resurs və ideyaları ilə dövlətə əməkdaşlıq təklifi verməsi deməkdir. İddiaçı, qanunla müəyyən edilmiş şərtlərə uyğun olaraq layihə təklifi hazırlayaraq, dövlətə təqdim edə bilər.

Dövlət-özəl tərəfdaşlığı layihələrində birbaşa müqavilə çərçivəsində tərəflər arasında hansı əsas hüquqi məsələlərin tənzimlənməsi nəzərdə tutulur?

Məlumat mübadiləsi şərtləri, dövlət əmlakına yüklülük tətbiqi, kompensasiyalar və xarici elementli münasibətlərdə tətbiq ediləcək hüquq kimi məsələlər tənzimlənir.

Müsabiqə nəticəsində qalib müqavilə bağlamaqdan imtina edərsə, nə baş verir?

Bu halda qalibin təminatı geri qaytarılmır və müqavilə müvafiq olaraq ikinci və ya üçüncü yer tutmuş iddiaçı ilə bağlanır.

Dövlət-özəl tərəfdaşlığı layihələrinin maliyyələşdirilməsi hansı üsullarla həyata keçirilir?

Dövlət-özəl tərəfdaşlığı layihələrinin maliyyələşdirilməsi müxtəlif maliyyə mənbələrindən istifadə edilməklə həyata keçirilə bilər. Bu mənbələrə dövlət büdcəsindən ayrılan vəsaitlər, özəl sektorun investisiyaları və kommersiya kreditorlarının maliyyə resursları daxildir. Layihənin spesifik xüsusiyyətlərinə uyğun olaraq, bir neçə maliyyələşdirmə mexanizmi tətbiq oluna bilər. İddiaçılar dövlət-özəl tərəfdaşlığı layihəsinin maliyyə davamlılığını və effektivliyini təmin etmək məqsədilə təklif olunan maliyyələşdirmə modelini əsaslandırmalıdırlar.

Dövlət-özəl tərəfdaşlığı layihələrində risklərin bölgüsü necə aparılır?

Dövlət-özəl tərəfdaşlığı layihələrində risklərin bölgüsü tərəflər arasında bağlanan müqavilə ilə müəyyən edilir. Ümumi qaydalar çərçivəsində:

  • Kommersiya riskləri (məsələn, gəlir axınının qeyri-sabitliyi, bazar tələbinin azalması, əməliyyat xərclərinin artması) əsasən özəl tərəfdaşa aid edilir.
  • Tənzimləmə və siyasi risklər (qanunvericiliyin dəyişməsi, tarif tənzimləmələri, icazələrin alınması) əsasən dövlət tərəfdaşının məsuliyyətində olur.
  • Təbiət hadisələri, fors-major hallar və gözlənilməz risklər isə tərəflər arasında bölüşdürülə bilər.

Bu risklərin idarə olunması üçün sığorta, dövlət zəmanətləri, kompensasiya mexanizmləri və müqavilədə müəyyən edilən digər alətlər nəzərdə tutulur. Məqsəd riskləri hər iki tərəf üçün optimal şəkildə bölüşdürmək və layihənin uğurlu icrasını təmin etməkdir.

Dövlət-özəl tərəfdaşlığı layihələrində iştirak etmək istəyən iddiaçılara dair tələblər hansılardır?

   İddiaçılara dair əsas tələblər bunlardır:

    1. Müvafiq fəaliyyət və layihə icrası təcrübəsinin olması;
    2. Layihənin həyata keçirilməsi üçün maliyyə vəsaitlərinə malik olmaq;
    3. Aktivlərə malik olmaq və ya onları cəlb edə bilmək;
    4. Korrupsiya və cinayət faktlarının olmaması;
    5. Beynəlxalq sanksiyalara məruz qalmamaq;

Layihənin həyata keçirilməsi üçün hüquqi məhdudiyyətlərin olmaması

Layihənin icrası üçün layihə şirkətinin yaradılması zəruridirmi?

Layihənin icrası üçün layihə şirkətinin yaradılması müsabiqənin şərtlər toplusunda nəzərdə tutulduğu halda tələb oluna bilər.

Dövlət tərəfdaşı layihə şirkətində iştirak edə bilərmi?

Dövlət tərəfdaşı layihə şirkətində iştirak edə bilər, lakin dövlətin iştirakı nizamnamə kapitalının 49%-dən çox olmamalıdır.

Layihə təkliflərinin qiymətləndirilməsi hansı meyarlara əsasən aparılır?

Qiymətləndirmə texniki uyğunluq, maliyyə modelinin dayanıqlılığı, innovativ yanaşmalar və risklərin bölüşdürülməsi kimi meyarlara əsasən aparılır.

Müsabiqə başa çatdıqdan sonra qalib necə seçilir?

Layihə təkliflərinin qiymətləndirilməsi əsasında ən yüksək bal toplayan iddiaçı qalib elan edilir. İlk üç yeri tutan iştirakçılar bu barədə rəsmi bildiriş alır və nəticələr səlahiyyətli orqanın internet səhifəsində elan edilir.